DÜNYAYA GERÇƏKÇİ BAXIŞIN POETİKASI

HƏSR OLUNUR GÖRKƏMLİ FIRÇA USTASI ƏYYUB HÜSEYNOVUN 
100 İLLİK YUBİLEYİNƏ...

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətinin XX yüzilliyə təsadüf edən inkişafının özünəməxsus bədii-estetik xüsusiyyətlərlə zənginləşməsində mühüm rol oynayan sənətkarlardan biri də görkəmli rəssam və pedaqoq , əməkdar incəsənət xadimi Əyyub Hüseynov (1916-1998) olmuşdur. Bir - neçə gündən sonra anadan olmasının 100 illiyi tamam olacaq tanınmış fırça ustasının bu münasibətlə Bakıda və Naxçıvanda fərdi sərgiləri təşkil olunacaqdır...
Naxçıvanın Xok kəndində dünyaya göz açan və ilk gözəllik duyumunu Haça dağa heyrəti ilə ifadə edən Əyyub Hüseynovun Bakıda (1930-1935) və Tiflisdə (1935-1941) baş tutan təhsil illəri arxada qalıb doğma yurda dönəndə cəmisi 25 yaşı vardı. Naxçıvanda duyğularını rənglərlə ifadə edib müxtəlif janrlarda əsərlər yaradan gənc rəssam,həm də təhsil sonrası yerli teatrda səhnəyə qoyulan tamaşalara bədii tərtibatlar verirdi. Burada o, tanınmış fırça ustası Şamil Qazıyevlə birlikdə bir çox tamaşaların bədii tərtibatını və geyim eskizlərini hazırlamışdır. Naxşıvan teatrının tədqiqatçıları gənc rəssamın xüsusilə Ə.Haqverdiyevin “Pəri-cadu”, S.Vurğunun “Fərhad və Şirin”, O.Sarıvəllinin “Babək”, A.Şaiqin “Vətən”, N.Nağıyevin “Polad” və Ə.Abbasquliyevin “Günəş doğur” və s. pyeslərinə çəkdiyi geyim eskizlərini yüksək dəyərləndirməklə, onların bu səhnə əsərlərinin uğur qazanmasında önəmli rol oynadığını vurğulamışlar.
O, həmin illərdə daha böyük yaradıcılıq arzuları ilə yaşayırdı. Rəssam ruhunda gəzdirdiyi missiyanın paytaxtda – Bakıda gerçəkləşəcəyinə inanırdı və elə bu arzuyla da 1947-ci ildə Naxçıvanı tərk edir. Həmin vaxtdan respublikadakı məşhur “Əzimzadə məktəbi”ndə pedaqoji fəaliyyətə başlayan və ömrünün şonuna qədər burada çalışan Əyyub Hüseynov Azərbaycan təsviri sənət tarixinə həm də bu gün milli incəsənətimizin ağır mənəvi yükünü daşımaqda olan yüzlərlə rəssam yetişdirmişdir. Odur ki, bu gün də rəssamlar arasında adı tez-tez xatırlanır, “Əyyub müəllinin direktor davranışı” nümunə kimi göstərilir. Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbinin tarixini bilənlər etiraf edirlər ki, bu təhsil ocağının dahi Ə.Əzimzadədən sonra hamının sevimlisinə çevrilən iki direktoru olub: Əyyub Hüseynov və Eyyub Məmmədov! 1956-1965-ci illərdə məktəbə rəhbərlik edən rəssam bu hörməti həm tələbələr, həm də müəllimlər arasında qazanmışdı. Təbii ki, insanlığı və tələbkarlığı ilə! Ona görə bu gün də işıqlı əməlləri başqalarına nümunə göstərilməkdədir...
Pedaqoji fəaliyyəti yaradıcılıqla əlaqələndirmək nə qədər çətin olsa da, Əyyub müəllim bunun öhdəsindən ləyaqətlə gəlməyi bacarmışdır. Vaxtaşırı Bakıda və keçmiş SSRİ məkanında, eləcə də ölkə sərhədlərindən uzaqlarda təşkil olunan sərgilərdə iştirak edən rəssam, özünü təsviri sənətin bütün janrlarında eyni uğurla əsərlər yaradan sənətkar kimi tanıtmışdır.

O, bir çoxlarından fərqli olaraq bütün janrlarda uğurla fəaliyyət göstərən yaradıcılarımızdandır. Dünyaya baxışında realist-gerçəkçi olan rəssamın ərsəyə gətirdiyi maraqlı əsərlər də bunu təsdiqləyir. Daima bədii axtarışlarda olan Əyyub Hüseynovun realizm bədii prinsipinin yeni-yeni ifadə imkanlarını üzə çıxarmaqla, onu cəlbedici və yaddaqalan əsərlərlə zənginləşdirmişdir, desək, yanılmarıq. 
Sənətkarın yaradıcılğında süjetli tablolar geniş yer tutur. Onların kompozisiyalarını tarixi və əmək motivləri təşkil edir. Ötən əsrin 50-70-ci illərində hər bir rəssamın özünütəsdiq göstəricisi sayılan süjetli tablo işləmək nə qədər çətin olsa da, Əyyub Hüseynov davamlı olaraq bu sahədə yaddaqalan əsərlər yaratmağa nail olmuşdur. Tarixi mövzulu əsərlərinin bir çoxu zamanına görə çox aktual olsalar da, ölkəmizin müstəqillik qazanmasından sonra ideoloji baxımdan əvvəlki əhəmiyyətini sona qədər qoruya bilməyiblər. Bununla belə onlar nə vaxtsa yaşanan tariximizin bədiiləşdirilməsi baxımından çox dəyərli hesab olunurlar. Digər tərəfdən həmin əsərlər həm də yüksək bədii-estetik tutumuna görə rəngkarlığımızın uğuru kimi maraq doğururlar. 
Əyyub Hüseynovun “Bakıda 20 Yanvar faciəsi” (1997) tablosu isə xalqımızın tuş gəldiyi bəlaların təsviri sənətdə əksi baxımından duyulası əhəmiyyət kəsb edir. Etiraf edək ki, bu çoxfiqurlu kompozisiya Azərbaycan təsviri sənətində həmin mövzuda yaradılmış ən yaxşı əsərlərdən sayılır. Rəssam şəhərin gecə mənzərəsi fonunda baş vermiş faciənin dəhşətlərini rənglərin təzadı ilə, cəlbedici və təsirli tutumda ifadə etməyə nail olmuşdur.
Onun əmək mövzusunda çəkdiyi tablolar da yüksək sənətkarlıq nümunəsi kimi qəbul olunurlar. Bu mənada onun müxtəlif illərdə ərsəyə gətirdiyi “Pambıqçılar”(1951),“Zərbəçi briqada” (1984), “Kömək gəldi” (1961), “Yaylaqda” (1991), “Təhlükə sovuşdu” (1963), “Batabat” (1964), “Dəmirçilər” (1980). “Günorta” (1970), “Sakit sərhədlərdə” (1972) və s. əsərlərinin adını çəkmək olar. Bilavasitə insan əməyinin təntənəsini özündə hifz edən bu süjetli lövhələrin hər birinin uğurunda heç şübhəsiz mövzunun özünəməxsus kompoziya həlli ilə yanaşı, onların rəng həllinin də duyulası təsiri vardır...
Rəssamın rənglərə sonsuz sevgisini, onların cəlbediciliyinə və duyğulandırıcılığına nail olmaq istəyini çəkdiyi çoxsaylı mənzərələrində görmək mümkündür. Məşhur sələfi Bəhruz bəy Kəngərli ənənəsinə sadiq qalan Əyyub Hüseynov Azərbaycan təbiətinə həsr etdiyi çoxsaylı mənzərələrində yaddaqalan özünəməxsusluq nümayiş etdirə bilmişdir. Etiraf edək ki, milli təsviri sənət məkanında bu janrda ən səmərəli fəaliyyət göstərən rəssamlardan olan Əyyub Hüseynov yaratdığı mənzərələrdə son dərəcə özünəməxsusdur. Onun kətan üzərində gerçəkləşdirdiyi rəng qatını əmələ gətirən pastozluq, yaxı oynaqlığı, soyuq rənglərin incə isti çalarlara bələnməsi sənətkarın bilavasitə yaradıcı “mən”ini nümayiş etdirən bədii məziyyətlərdəndir.
Onun xarici ölkələrə (Rumıniya, Fransa, İtaliya, Macarıstan, Avstriya və s.) yaradıcılıq səfərləri zamanı çəkdiyi mənzərələr də eyni yüksək bədii tutuma malıkdırlər. “Göl” (1946), “Moskva ətrafı” (1947), “Tbilisi” (1961), “Konstansada keçə” (1962), “Parisdə küçə” (1966), “Dağ mənzərəsi” (1967), “Naxçıvan mənzərəsi” (1970), “Xəzər” (1970), “Bakı” (1971), “Qoca palıd” (1978), “Neft daşları” (1980),”Araz çayı” (1980), “Toran” (1980), “Çay kənarında” (1980), “Xal-xal meşəsi” (1987) və s. tablolarında mənzərənin duyğulandırıcı gücünü görmək mümkündür. 1963-cü ildə Moskvada təşkil olunan “Rumıniyada” (moskvalı rəssam Y.Reynerlə birlikdə) sərgisi onun gözəl mənzərə ustası olduğunu bir daha təsdiqləmiş oldu. 
Əyyub Hüseynovun vaxtaşırı çəkdiyi portretlərdə isə onun insan psixologiyasına nüfuz etmək bacarığını görmək mümkündür. Onun qəhrəmanları arasında ən müxtəlif peşə adamlarına rast gəlmək mümkündür. “Avtoportret” (1936 və 1948), “Ana portreti” (1945), “Rumın kəndlisi” (1962),“Aşıq Ələsgərin portreti” (1964),“Yatmış uşaq” (1968), “M.Hacıyevanın portreti” (1986), “Ə.Mirzəyevin portreti” (1980), “Dəmirçi” (1982), “A.Quliyevin portreti” (1975) və s. əsərlərindəki portretlər qalereyasında mənəvi-psixoloji və bədii-estetik məziyyətlərinə görə bu janrı zənginləşdirəcək nümunələr kifayət qədərdir. Bu portretlərdə rəssamın rənglərin plastikasını xarakter açımına yönəltmək istedadı xüsusilə duyulandır. 
Rəssamın çoxsaylı natürmortlarında da onun bu janra özünəməxsus töhfələr verdiyi müşahidə olunur. Belə ki, o, “cansız əşyalar” məcmusu hesab olunan natürmortlara münasibətində təsvirə gətirdiklərini insan təmasına yaxın təqdim etməklə, onları ənənəvi soyuqluqdan çıxara bilmişdir. 
Elə sənətkarlar var ki, yaratdıqlarında nümayiş etdirdikləri səmimiliyin və yüksək ustalığın sayəsində əsərlərini məkansızlığa və zamansızlığa qovuşdurmaq gücündədir. Qənaətimizcə, anadan olmasının 100 illik yubileyini qeyd etdiyimiz Əyyub Hüseynov da belə yaradıcılardandır...

P.S.Yazı “Kaspi” qəzeti

Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru

Rəsm əsərləri